Tokionun mübahisəli adalar barədə bəyanatı Cənubi Koreyada etirazla qarşılanıb
Bakı, 28 iyul, AZƏRTAC
Tokio mübahisəli Tokto (Takesima) adalarına iddiasını bərpa etdikdən sonra Yaponiyanın Seuldakı səfirliyinin nümayəndəsi Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Koreya Respublikası XİN-in Asiya və Sakit okean regionu departamentinin direktoru So Min Çjon Yaponiyanın Seuldakı səfirinin müavini vəzifəsini icra edən Mondo Yamamotonu nazirliyə çağırıb. Yaponiya Müdafiə Nazirliyinin “Ağ kitab” adlı illik hesabatında yer alan mövqeyə görə səfirliyin nümayəndəsinə etiraz bildirilib. Yaponiyalı diplomat hadisəyə şərh verməkdən yayınıb.
Yapon dənizinin qərbində yerləşən Tokto adaları Tokio və Seul arasında uzun müddətdir mübahisə mövzusu olaraq qalır. 1905-ci ildə Yaponiyanın ərazisinə qatılan arxipelaq II Dünya müharibəsindən sonra Tokionun nəzarətindən çıxıb. Ada hazırda Koreya Respublikasının nəzarəti altındadır.
Yaponiya ardıcıl olaraq 19 ildir ki, adalara iddiasını irəli sürür. Ümumi sahəsi 187 min 450 kvadratmetr olan iki adada cəmi 50 nəfər məskunlaşıb.