Türk şirkət rəhbəri: Azərbaycanda rəqəmsallaşma sahəsində yerli qurumlarla əməkdaşlıq edəcəyik VİDEO
Bakı, 12 fevral, Pərvanə Qafarova, foto Azər İbrahimov, AZƏRTAC
“Sistem Global” 30 illik təcrübəyə malikdir və 1996-cı ildən etibarən məsləhət xidməti sahəsində geniş fəaliyyət göstərir. Bakıda açılan ofis vasitəsilə şirkətimiz rəqəmsallaşma, biznesin inkişafı və müxtəlif layihələrin icrası istiqamətində yerli qurumlarla əməkdaşlıq etməyi planlaşdırırıq. Eyni zamanda, Türkiyə şirkətlərinə Azərbaycan və region üzrə mövcud və perspektiv imkanlar barədə məlumat verib, yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına dəstək göstərəcəyik.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Sistem Global” şirkətinin direktoru Yuliya Çimen deyib.
O qeyd edib ki, şirkət müştəriləri ilə birlikdə qlobal miqyasda inkişaf edərək həm öz fəaliyyət marşrutunu beynəlxalq istiqamətə yönəldib, həm də qloballaşmaq istəyən şirkətlər üçün yol göstərən tərəfdaşa çevrilib. “Dünya dəyişdikcə biz də dəyişdik. Rəqəmsallaşma dövründə məsləhət xidmətlərini texnologiya ilə birləşdirərək bu gün inteqrasiya olunmuş texnologiya ekosisteminə çevrilmişik. Bu yaxınlarda Bakıda ofisimizin rəsmi açılışından sonra Azərbaycanda rəsmi fəaliyyətə başladıq”, - deyə Yuliya Çimen qeyd edib.
Şirkət nümayəndəsi vurğulayıb ki, Azərbaycan bazarı şirkətin region üzrə genişlənmə strategiyasında mühüm yer tutur: “Növbəti mərhələdə Özbəkistan və Qazaxıstan başda olmaqla digər Türk dövlətlərində də fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur. “Məqsədimiz 30 illik təcrübəmizi region ölkələrinə daşımaq və ortaq dəyər yaratmaqdır”, – deyə Yuliya Çimen əlavə edib.
Y.Çimen bildirib ki, şirkətin ilk xarici ofisi Londonda, ikinci ofisi isə Sinqapurda açılıb. Bir neçə ay əvvəl Bakıda onuncu ofisin istifadəyə verilməsi ilə şirkətin coğrafi əhatə dairəsi daha da genişlənib. “Beləliklə, fəaliyyət istiqamətimiz türk dövlətlərinə yönəlib. Məqsədimiz burada fəaliyyət göstərən qurum və şirkətlərlə indiyədək topladığımız təcrübəni bölüşmək, eyni zamanda, Türkiyədə formalaşmış biznes ekosistemini regiondakı mövcud və gələcək imkanlarla əlaqələndirərək “ucdan-uca dəstək” göstərməkdir. “Ucdan-uca dəstək” anlayışı düzgün ehtiyacın, düzgün həllin və düzgün zamanın uzlaşdırılması, həmçinin bu prosesin kompleks şəkildə idarə olunması deməkdir. Bu çərçivədə hüquqi, vergi, biznesin inkişafı və digər idarəetmə prosesləri üzrə xidmətlər təqdim edilir”, – deyə Y.Çimen vurğulayıb.