TÜRKİYƏ AZƏRBAYCAN DƏRNƏKLƏRİ FEDERASİYASI PREZİDENT ABDULLAH GÜLƏ MÜRACİƏT ETMİŞDİR
Bakı, 7 aprel (AZƏRTAC). Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Türkiyə ilə Ermənistan sərhədlərin açılacağı barədə mətbuatda yer almış məlumatlar Türkiyədə yaşayan soydaşlarımızı da ciddi narahat edir.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası məsələ ilə əlaqədar Türkiyə Prezidenti Abdullah Gülə müraciət etmişdir.
Azərbaycan və Türkiyənin tarix boyu yaşadığı eyni kədər və sevinclərin qeyd olunduğu müraciətdə deyilir ki, Çanaqqala və Geliboluda Azərbaycandan qardaş yardımına gələn igidlərlə Anadolu qəhrəmanları yan-yana uyuyurlar. Eyni zamanda ötən əsrin əvvəlində Azərbaycana köməyə gəlmiş Nuru Paşanın rəhbərik etdiyi türk ordusu hissələrinin Bakının azadlığı uğrunda döyüşlərdə həlak olmuş əsgərləri Azərbaycan paytaxtının ən uca nöqtəsində uyuyurlar.
XX əsrin 90-ci illərində yenidən müstəqilliyinə qovuşan Azərbaycan bütün beynəlxalq təzyiqlərə məhəl qoymadan Türkiyə ilə öz mənfəətini birləşdirərək Baki-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşdırılmasına nail olmuşdur. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi də davam edir.
Sənəddə o da qeyd edilir ki, “Bir millət iki dövlət” fəlsəfəsini məhz Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ilk dəfə dilə gətirib və ümummilli lider türk dünyasına verdiyi töhfələrlə bu ifadəyə əbədiyaşarlıq haqqı qazandırmışdır.
Sənəddə deyilir ki, Azərbaycan torpaqları öz coğrafi imkanları, zəngin yeraltı və yerüstü sərvətləri ilə həmişə maraq və həsəd hədəfi olub. Ölkəmizin imkanlarından və sərvətlərindən heç vaxt gözünü çəkə bilməyən ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş qətliamlar, soyqırımları, terrorlar törədiblər. Qarabağ münaqişəsi zamanı on minlərlə soydaşımız həyatını itirmiş və ya vəhşicəsinə qətlə yetirilmişdir, bir milyonadək insan hələ də ata-baba yurduna həsrətlə baxır. İşğal edilmiş torpaqlar Azərbaycana qaytarılmadan heç bir yara sağalmaz və heç bir problem həll edilə bilməz.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının prezident Abdullah Gülə müraciəti bu fikirlərlə bitir: “Həm Türkiyə, həm də Azərbaycan dövlətinin öz xalqını qorumaq və müdafiə etmək kimi tarixi bir məsuliyyəti var. Türkiyə tarixin onun üzərinə qoyduğu bu mühüm məsuliyyəti bugünədək yerinə yetirib, indi də yerinə yetirəcəkdir. Türkiyə Cümhuriyyətinin vətəndaşları olaraq buna heç bir şübhəmiz yoxdur. Azərbaycan tək deyildir. Heç birimizin Azərbaycan xalqının inamını və sevgisini itirmək haqqı yoxdur”.