Türkiyədə təhsilini davam etdirən tələbələrimiz ziyarət olunublar
İstanbul, 28 mart, AZƏRTAC
Koronavirus səbəbindən Azərbaycan ilə Türkiyə arasında hava və quru nəqliyyatı hərəkətinin müvəqqəti dayandırılması qərarından sonra bu ölkədə təhsil alan tələbələrimizin mütləq əksəriyyəti məlum infeksiya riski ilə bağlı özünütəcrid şəraitində yaşayır və distant dərslərlə təhsillərini davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, bu tələbələrə ölkəmizin Türkiyədəki diplomatik nümayəndəlikləri ilə yanaşı, burada fəaliyyət göstərən dərnəklər tərəfindən də maddi və mənəvi dəstək göstərilir.
Belə təşkilatlardan biri, Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir və dərnəyin nümayəndələri Kocaeli şəhərində təhsil alan 195 tələbəmizi ziyarət ediblər.
V.Aydemir tələbələrlə söhbət edib, dərnək olaraq bu çətin günlərdə onların yanında olduqlarını bildirib. O, hazırda Türkiyədə şəhərlərarası səyahət qadağasının tətbiqi səbəbindən digər şəhərlərdə olan tələbələrimizə valiliklərin köməyi ilə dəstək oluduqlarını ifadə edib.
Qeyd edək ki, Türkiyədə 20 mindən çox azərbaycanlı tələbə təhsil alır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul