TÜRKİYƏLİ İŞ ADAMLARI AZƏRBAYCANDA BİZNESİN İNKİŞAFINA YARADILAN ŞƏRAİTDƏN RAZIDIRLAR
Əvvəlcə Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə və TÜSİAB-ın fəaliyyətinə dair film nümayiş etdirildi.
Azərbaycanda yaradılmış əlverişli şəraitdən razılığını vurğulayan cəmiyyətin idarə heyətinin sədri Bataçar Baysal türkiyəli iş adamlarının ölkəmizdə fəaliyyət istiqamətlərindən danışdı. O bildirdi ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 350-dən çox Türkiyə şirkətindən 263-ü TÜSİAB-ın üzvüdür. 50 mindən çox adamı işlə təmin edən bu şirkətlər Azərbaycan iqtisadiyyatına 2 milyard dollardan çox sərmayə qoymuşdur.
Mehmet Ali Şahin Azərbaycan ilə Türkiyə arasında siyasi-iqtisadi, mədəni və başqa sahələrdə əlaqələrin yüksək səviyyəsini vurğuladı, bu əlaqələrin inkişafında türk dünyasının böyük oğlu Heydər Əliyevin və onun siyasi xəttinin davamçısı İlham Əliyevin əvəzsiz rolu olduğunu bildirdi.
Ümummilli liderimiz Heydər Əliyevin müxtəlif vaxtlarda Azərbaycan-Türkiyə dostluğuna dair söylədiyi fikirləri xatırladan dövlət naziri, qardaş ölkələrin birgə həyata keçirdiyi iqtisadi layihələrdən söhbət açdı, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, habelə Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun regionda dövlətlərimizin mövqelərini daha da möhkəmləndirdiyini vurğuladı.