Türkiyəli tədqiqatçılar təhsil və araşdırma məkanı kimi Mingəçevir Dövlət Universitetini seçiblər
Mingəçevir, 2 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi növbəti uğur çərçivəsində 6 tələbə bir semestrlik, 5 müəllim isə ikihəftəlik mübadilə proqramında iştirak etmək imkanı qazanıb.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, proqram “Orhun” mübadilə proqramı çərçivəsində Türkiyənin Hacettepe Universiteti, Ege Universiteti, İstanbul Ticarət Universiteti, Karamanoğlu Mehmetbəy Universiteti və Eskişehir Anadolu Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Mübadilə proqramlarına seçilən iştirakçılar kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, iqtisadiyyat, maliyyə, marketinq, dilçilik və ingilis dili müəllimliyi kimi ixtisaslar üzrə tədris və tədqiqat prosesinə qatılacaqlar. Proqramların səmərəli həyata keçirilməsi üçün universitet tərəfdaş ali təhsil müəssisələri ilə tədris planlarını uyğunlaşdırıb, tələbələrin kreditlərinin tanınması üçün zəruri mexanizmləri formalaşdırıb.
MDU-nun rektoru Anar Eminov mübadilə proqramında uğur qazanan müəllim və tələbələrlə görüşərək onları təbrik edib, beynəlxalq təcrübənin onların akademik inkişafında mühüm rol oynayacağını vurğulayıb. Bildirib ki, xaricdə təhsil və tədqiqat aparacaq iştirakçılar türk və ingilis dili biliklərini daha da təkmilləşdirmək üçün bir aylıq sürətləndirilmiş dil hazırlığı proqramına cəlb olunacaqlar.
Qeyd edək ki, əməkdaşlıq qarşılıqlı şəkildə həyata keçirilir və bu proqram çərçivəsində Türkiyədən və Türk dünyası ölkələrindən olan tələbə və tədqiqatçılar da Mingəçevir Dövlət Universitetini təhsil və araşdırma məkanı kimi seçiblər. Eyni zamanda, MDU-nun 2 tələbəsi Qazaxıstanın Karaganda Milli Tədqiqat Universitetində və L.N. Qumilyov Avrasiya Milli Universitetində, 1 müəllimi isə Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetində tədqiqat işlərini davam etdirəcək.