COP29
Türkmənistan gəncləri Bakıda keçiriləcək COP29 konfransında fəal iştirak edəcəklər
Bakı, 18 sentyabr, AZƏRTAC
Türkmənistan gəncləri Bakıda keçiriləcək COP29 iqlim konfransında fəal iştirak edəcəklər.
AZƏRTAC Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu barədə Aşqabadda Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən İqlim Dəyişikliyi üzrə Gənclərin yekun Milli Konfransında (LCOY) bildirilib.
Konfrans Türkmənistan hökuməti tərəfindən BMT-nin Rezident Əlaqələndirici Ofisi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Azərbaycan, Böyük Britaniya və BƏƏ-nin Türkmənistandakı səfirlikləri ilə birgə keçirilib.
Tədbir aktual ekoloji problemləri müzakirə etmək və gənclərin iqlim fəaliyyətində iştirak imkanlarını araşdırmaq üçün gənc iştirakçıları bir araya gətirib. Konfrans ərəfəsində LCOY-un himayəsi altında 700-dən çox gəncin iştirakı ilə Türkmənistanın bütün bölgələrində iqlim dəyişikliyi problemlərinə dair görüşlər keçirilib. Bu aksiyanın məqsədi gənc nəsil arasında iqlim dəyişikliyi, onun sosial-iqtisadi inkişafa təsiri, ekoloji dayanıqlıq və biomüxtəliflik haqqında məlumatlılığın artırılması, eləcə də iqlim dəyişikliyinə uyğunlaşmaya töhfə verən innovativ həllərin həyata keçirilməsinə ümumi yanaşmaların hazırlanması olub.
Gənclərin təklifləri İqlim Fəaliyyəti üzrə Gənclərin Yol Xəritəsinin ilkin variantına daxil edilib. Bu təkliflər Türkmənistan Gənclərinin Bəyanatının yekun variantına daxil ediləcək və noyabr ayında Azərbaycanda keçiriləcək COP29 iqlim konfransında iştirakçılara təqdim olunacaq.
Türkmənistan XİN qeyd edib ki, konfrans Türkmənistan gənclərinin ekoloji problemlərin həllinə yönəlmiş proseslərdə iştirak imkanlarının genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır. Gənclərin İqlim Bəyanatı türkmən gənclərinin kollektiv baxışını əks etdirəcək və UNFCCC missiyalarının həyata keçirilməsinə töhfə verəcək.