İDMAN
U-17 dünya çempionatında ölkəmizi 6 qız güləşçi təmsil edəcək
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 25-dən 31-dək İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iyulun 22-də Azərbaycan Güləş Federasiyasının rəhbər şəxslərinin iştirakı ilə məsul yarışda ölkəmizi təmsil edəcək qızlardan ibarət yığma komanda ilə görüş olub. Baş katibin müavini Orxan Məmmədov və Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov millinin üzvlərinə mundialda uğurlar arzulayıb və tövsiyələrini çatdırıblar.
Dünya çempionatında böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elvina Kərimzadə (43 kq), Aysel Məmmədzadə (46 kq), Ruzanna Məmmədova (49 kq), Gülər Həbibova (53 kq), Günay Qurbanova (57 kq) və Fatimə İsayeva (65 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, iyulun 26-da güləşin bu növü üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək.