“UEFA U-17” Avropa çempionatının finalçıları həlledici görüşdən danışıblar
Bakı, 20 may, AZƏRTAC
Finalda bərabər səviyyəli oyun izləyəcəyik. Portuqaliya güclü rəqibdir. Final oyununun hansı stadionda keçirilməsi önəmli deyil. Əsas qələbə qazanmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “UEFA U-17” Avropa çempionatının final oyununda qarşılaşacaq Portuqaliya və İspaniya komandalarının baş məşqçilərinin mətbuat konfransında ispaniyalıların baş məşqçisi Santi Denia deyib.
Bildirib ki, bu görüşdə nəticəni xırda detallar həll edəcək. Yaxşı iş görən komanda çempion olacaq. Görüşün taleyinin penaltilərdə həll olunmasını istəmirəm. Penaltini nə qədər məşq etsən də, oyunda başqa cür olur, təzyiq hiss edirsən. Bizdə milliyə seçimlər həmişə eyni olur. Əksər vaxtlarda U-16 və U-17 ilə birgə seçimlər olur. Sonda əlimizdə 30 futbolçu olur və 18 nəfər seçirik. Əvvəlki qarşılaşmalarda sərgilədiyimiz oyunu finalda da göstərməyə çalışacağıq. Rəqibin səhvlərindən yaralanmağa cəhd edəcəyik. İspaniya ən pis statistika ilə finala gəlib. Mən bununla bağlı komanda ilə söhbət etmişdim və onlara bu barədə məlumat vermişəm. Görürəm ki, onlar bundan nəticə çıxarıb və dəyərləndiriblər. Bu günə qədər həm oyun, həm də məşqlərdən zövq almışıq.
Portuqaliya yığmasının baş məşqçisi Helio Souza deyib: “Finala gəlmək üçün hər iki komanda böyük yol keçib. Həlledici görüşdə maraqlı oyun olacaq. Həlledici görüş də Bakı Olimpiya Stadionunda keçirilsəydi daha yaxşı olardı. Ancaq "Bakcell Arena"da oynamaqda da heç bir problem görmürəm. İnanıram ki, azarkeşlər bu oyundan zövq alacaqlar. Hazırda Avropa futbolunda İspaniya hegemonluq edir. Portuqaliya da güclü rəqiblərdəndir. İspaniya 8, Portuqaliya isə 5 dəfə Avropa çempionu olub. Biz də rəqibdən geri qalmırıq, güclü və perspektivli oyunçularımız yetişir. İspaniya futbolunun hegemonluğu bizi qorxutmur və komandama güvənirəm”.
Qeyd edək ki, İspaniya-Portuqaliya matçı mayın 21-də "Bakcell Arena"da keçiriləcək.