Ulu Öndər Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün böyük əmək sərf edib
Bakı, 4 aprel, AZƏRTAC
Mən dəfələrlə bunu bildirmişəm ki, Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətə gəlməyə hazır deyildi. Həmin dövrlərdə təcrübəsizlik mövcud olduğu üçün dövlət strukturları kifayət qədər idarə edilmirdi. Anarxiya hökm sürürdü. Həmçinin cəbhəyə də kifayət qədər nəzarət etmək mümkün deyildi. Özbaşınalığın davam etdiyi dönəmlərdə tariximizdə dərin ləkə kimi iş buraxmış bir çox ciddi hadisələr yaşandı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli söyləyib.
1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlaması ilə ölkənin tarixində yeni səhifənin açıldığını deyən T.Kərimli deyib: “Əgər Ümummilli Lider Heydər Əliyevin iradəsi olmasaydı, xalq bu müstəqilliyə səs verməzdi. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin xilası üçün bütün səy və təcrübəsini ortaya qoyub. O, nümunəvi bir insan idi. Müstəqilliyin qorunması uğrunda mübarizə aparırdı. İşğala, soyqırımına məruz qalmış Azərbaycanda bir sıra problemlərin yaranmasına baxmayaraq, təcrübəsi ilə bu problemləri aradan qaldırıb müstəqilliyin gücləndirilməsi istiqamətində bütün bacarığını səfərbər etdi. Bu gün əminliklə deyə bilərik ki, Ulu Öndərin əziyyətləri hədər getməyib”.
Ümummilli Liderin bugünkü müvəffəqiyyətlərimizin əsasını qoyduğunu diqqətə çatdıran deputat əlavə edib: “Ulu Öndərin dövlət idarəçiliyindən, ordu quruculuğundan tutmuş ən xırda məsələlərə kimi bütün sahələrdə qayda-qanunun yaradılmasında misilsiz xidmətləri olub. Həqiqət budur və bu gün onun nəticəsidir ki, İslam dünyasında yeganə liderlərdən olan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi şanlı Qələbə ilə tarixə öz damğasını vurdu. Müzəffər Ali Baş Komandan çox böyük diplomatik hərbi qabiliyyət nümayiş etdirdi. Həmçinin Azərbaycan ərazi baxımından kiçik olan bir ölkə olsa da, bütün İslam dünyası üçün böyük nümunə oldu. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ən qüdrətli dövrünü yaşayır.