Ulu Öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə Dövlət Bayrağı Muzeyində tədbir keçirilib
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Dövlət Bayrağı Muzeyində müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, məktəblilərin iştirak etdikləri tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotosərgi nümayiş olunub.
Muzeyin direktoru Könül İmanverdiyeva şagirdlərə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə dinamik sosial-iqtisadi inkişafın təmin edilməsi, demokratik-hüquqi, vətəndaş cəmiyyətinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyev hər zaman gənclərin himayədarı olub, onların problemlərini daim diqqət mərkəzində saxlayıb, gənc nəslin sağlam ruhda tərbiyə olunması, onların zamanın tələbinə uyğun hərtərəfli inkişafı üçün bir sıra mühüm işlər həyata keçirib. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir.
Daha sonra şagirdlər fotosərgi ilə tanış olub, muzeydə nümayiş etdirilən eksponatlara baxıblar.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.