Ulu Öndərin bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı
Quba, 13 iyul, Elxan Yusifli, AZƏRTAC
Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünyaşöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qubada “14 iyul 1969-cu il: müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda konfransda danışılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı, Quba Tarix-Diyarşünaslıq Muzeyinin dəstəyi ilə keçirilən regional konfransda çıxışlar zamanı bildirilib ki, Heydər Əliyevin adı dünyanın ən parlaq, ən nüfuzlu və fenomen şəxsiyyətlərinin adları ilə yanaşı çəkilir. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.
Dünya azərbaycanlılarını birliyə və vəhdətə səsləyən Heydər Əliyev müdrik rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, eyni zamanda güclü və qüdrətli, müstəqil Azərbaycan naminə böyük səylər göstərərək buna nail olmuşdur.
Bildirilib ki, Heydər Əliyev birinci dəfə siyasi hakimiyyətə gəldiyi dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb.
Konfransda DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təqdim edilən “Heydər Əliyev - dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş etdirilib.