ÜMUMDÜNYA POEZİYA GÜNÜ QEYD OLUNMUŞDUR
Bu münasibətlə Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin və Səməd Vurğun Fodunun təşkilatçılığı ilə böyük xalq şairi Səməd Vurğunun adını daşıyan bağda, onun heykəli qarşısında tətənəli yığıncaq keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gedib, ölkəmizdə ədəbiyyat və incəsənət adamlarının böyük qayğıkeşi, ümummilli liderimiz Heydər Əliyevin və görkəmli xalq şairi Səməd Vurğunun məzarı önünə əklil qoydular. Sonra onlar Azərbaycanın digər görkəmli poeziya nümayəndələrinin də məzarlarını ziyarət emiş, abidləri önünə tər çiçəklər düzmüşlər.
Ümumdünya Poeziya Günündə Yazıçılar Birliyinin sədri Anar, mədəniyyət nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirdilər ki, bu gün üç bayram - poeziya günü, S.Vurğunun anadan olduğu gün və Novruz bayramı üst-üstə düşmüşdır. Natiqlər hər üç bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdilər. Vurğulandı ki, tezliklə bir poeziya bayramı Şuşada Vaqifin məqbərəsi önündə keçirilsin.
Tədbirdə xalq şairləri, Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri Qabil, AYB-in katibi Fikrət Qoca, Çingiz Əlioğlu, Şimali Kipr Türk Respublikasından Harid Fedai, türkiyəli şair Mayıl Tan və başqaları öz şerlərini oxudular.
Xalq artistləri Əminə Yusifqızı, Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, əməkdar artist Ağalar Bayramov Azərbaycan şairlərinin şerlərindən parçalar söylədilər.
Poeziya bayramında ölkəmizin ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, qardaş Türkiyə və Şimali Kipr Türk Respublikasından da nümayəndələr iştirak edirdilər.
Səməd Vurğunun oğlu, xalq şairi Vaqif Səmədoğlu tədbir iştirakçılarına minnətdarlığını bildirdi.