REGİONLAR
Ümummilli Liderin memarı olduğu müasir Azərbaycan müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır
Bakı, 14 iyul, AZƏRTAC
1969-cu il xalqımız tərəfindən haqlı olaraq ən yeni tariximizdə dönüş mərhələsinin təməli kimi qəbul edilir. Həqiqətən də düz, 54 il əvvəl, iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü, uzaqgörən və qətiyyətli siyasəti sayəsində respublikamız ağır tənəzzül şəraitindən çıxaraq sürətli inkişaf və milli intibah dövrünə qədəm qoymuşdur. O zaman bütün göstəricilərinə görə keçmiş ittifaq ölkələri arasında sonuncu yerlərdə qərarlaşmış Azərbaycanın qısa müddət ərzində sosial, iqtisadi və mədəni yüksəlişə nail olması, geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrilməsi və birincilər sırasında mövqeyini gücləndirməsi məhz Heydər Əliyev dühasının nəticəsi hesab olunur.
Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.
O bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi həmin dövrdə ölkəmizdə yaradılmış iri sənaye müəssisələri və formalaşdırılmış çoxşaxəli iqtisadi potensial müstəqillik illərində də mühüm baza rolunu oynamışdır. Bütün bunlar dahi şəxsiyyətin uzaqgörən və qətiyyətli siyasətinin təzahürlərindən biri kimi dəyərləndirilir. Sonralar çıxışlarının birində Ümummilli Lider bu barədə vurğulamışdır: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”. Bununla yanaşı, sovet dönəmində milli maraqlara uyğun fəaliyyətlərin çətinliklərinə və həyati risklərinə baxmayaraq, o dövrdə tarixi adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycan dilinin inkişafı, hərbi məktəblərin yaradılması, gənclərin qabaqcıl universitetlərə təhsil almağa göndərilməsi və digər istiqamətlərdəki müstəsna xidmətləri Ümummilli Liderimizin müdrik və cəsarətli addımları hesabına mümkün olmuşdur. Bütün bunlar deməyə əsas verir ki, bu dövr tərəqqi, xalqın soykökünə qayıdışı və milli özünüdərk tarixidir. Eləcə də, Heydər Əliyevin XX əsrin 70-80-ci illərindəki nəhəng quruculuq işləri dövlət müstəqilliyinə iqtisadi, siyasi və intellektual müstəvidə misilsiz təminat yaratmışdır.
Rektor, həmçinin qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycanın ən çətin və taleyüklü dövründə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra da böyük idarəetmə təcrübəsinə malik və qlobal siyasi vəziyyəti düzgün qiymətləndirməyi bacaran Ulu Öndərimiz xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək milli qurtuluş salnaməsini yazmışdır. Dahi şəxsiyyətin həyata keçirdiyi titanik fəaliyyətlərin nəticələri bu gün də müasir, müstəqil Azərbaycanın inkişafında və qüdrətlənməsində, dünyada nüfuzunun güclənməsində müstəsna rol oynayır. Əbədiyaşar liderimizin yürütdüyü müdrik siyasətdən danışarkən Prezident İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.
“Həqiqətən də bu gün Ulu Öndərin böyük uzaqgörənliklə reallaşdırdığı addımların bəhrələri, mütərəqqi və zəngin dövlətçilik irsi aktuallığını qoruyub saxlayır. Xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən möhtəşəm uğurlar və şanlı qələbələrlə davam etdirilir, yeni dövrün tələblərinə uyğun zənginləşdirilir. Ümummilli Liderimizin bizə miras qoyduğu və memarı olduğu müasir Azərbaycan hazırda müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır və gələcəyə doğru etibarlı şəkildə irəliləyir. Doğma Azərbaycanımızın hərtərəfli inkişafında yeni mərhələnin başlanğıcı hesab edilən 14 iyul tarixinin 54-cü ildönümündə Ulu Öndərimizin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla anırıq”, - deyə Ş.Bayramov əlavə edib.