Universiada: Azərbaycan taekvandoçusu Məhəmməd Məmmədov bürünc medala sahib olub
Bakı, 25 avqust, AZƏRTAC
Taekvandoçumuz Məhəmməd Məmmədov Taypeydə keçirilən XXIX Ümumdünya Yay Universiadasının bürünc medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi avqustun 25-də - taekvando yarışlarının dördüncü günündə yığmamızın hesabına beşinci medalı əlavə edib.
Dayanq üzərinə çıxan Məhəmməd Məmmədov əvvəlcə meksikalı rəqibi Edgar Al Porras Reyesə 21:5, sonra Çin idmançısı Tai Tinə Vinqə 29:9 və braziliyalı Venilton Torres Teyxeyraya 24:12 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bununla da M.Məmmədov yarışda ən azı bürünc medalı təmin edib. Finala yüksəlmək uğrunda mübarizədə idmançımızın iranlı Mirhaşem Hosseyni ilə yarımfinal görüşü isə rəqibin 19:9 hesablı üstünlüyü ilə yekunlaşıb. M.Məmmədov yarışı bürünc medalla başa vuraraq Universiadada fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Kişilərin yarışında digər təmsilçimiz Payam Qobadi Oğaz (87 kq) dörddəbir finalda gərgin keçən qarşılaşmada Seunqvan Liyə (Koreya Respublikası) məğlub olub - 11:15.
İlk döyüşündə iranlı rəqibi Nahid Kiyaniçandehlə üz-üzə gələn Olimpiya mükafatçısı Patimat Abakarova (49 kq) isə 8:10 hesablı məğlubiyyətə uğrayaraq yarışda mübarizəni erkən dayandırıb.
Beləliklə, Azərbaycan idmançıları universiadanın taekvando yarışlarında komandamızın aktivinə daha bir medal əlavə edərək mükafatların sayını 1-i qızıl, 1-i gümüş və 3-ü bürünc medal olmaqla beşə çatdırıblar. Taekvandoçularımızdan Milad Beigi Hərçəqani (80 kq) qızıl, Ayxan Tağızadə (68 kq) gümüş, Radik İsayev (87 kq-dan yuxarı) və Səid Quliyev (74 kq) isə bürünc medallara sahib olublar.
Universiadada taekvando üzrə yarışları “G2” kateqoriyalı olduğu üçün birinci, ikinci və üçüncü yeri tutan idmançılar müvafiq olaraq 20, 12 və 7,2 reytinq xalı qazanırlar.