Uşaqlar Böyükşor bulvarında gül əkiblər
Bakı, 8 sentyabr, AZƏRTAC
“Təmiz Şəhər” ASC və “Parks&Gardens” jurnalının təşkil etdiyi “Gül kimi” aksiyasında uşaqlar da iştirak ediblər.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mütəxəssislər iki gün ərzində uşaqlara gül əkmək, təbiətə qulluq etmək qaydalarını öyrədiblər. Sonra uşaqlar Böyükşor bulvarında gül əkib və onları sulayıblar. Balacalar bundan sonra istədikləri vaxt bulvara gedib həmin güllərə qulluq edə bilərlər.
Aksiya uşaqlarda yaşıllıq sahələri salmaq və təbiəti qorumaq mədəniyyətinin formalaşdırılması məqsədi daşıyıb. Xüsusən də gələcəyimiz olan uşaqlarda ətraf mühitin qeydinə qalmaq, onu təmiz saxlamaq, tullantılarla zibilləməmək vərdişləri aşılanıb.
Qeyd edək ki, Böyükşor gölü və onun sahili uzun illər ekoloji fəlakət zonası olub. Lakin İqtisadiyyat və Sənaye Nazirliyinin “Təmiz Şəhər” ASC ilə birgə həyata keçirdiyi kompleks bərpa layihəsindən sonra bura əhalinin istirahət məkanına çevrilib.