Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıb VİDEO
Bakı, 12 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən dəstə üzvlərinə qarşı əməliyyat keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə naməlum şəxslərin Sumqayıt şəhər sakini Nemət Rəhimovdan hədə-qorxu ilə 13 min 400 manat, Biləsuvar rayon sakini Niyaməddin Abbasovdan isə eyni üsulla 15 min manat məbləğində pul tələb etmələri barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində həmin məbləğdə pul vəsaitlərini alan dəstə üzvləri əvvəllər məhkum olunublar. Ağstafa rayon sakini Cavid Həsənov və Biləsuvar rayon sakini Vasif Bağışov tutulublar. Onlar istintaqa verdikləri ifadələrində etdikləri cinayəti etiraf ediblər.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Bakı şəhər sakini olan qadına hədə-qorxu gələrək ondan pul tələb edən Sumqayıt şəhər sakini Teymur Sadiqi-Raşidi saxlanılıb. O, şantaj etdiyi qadından 1000 manat məbləğində pul alan zaman Baş İdarənin əməkdaşları tərəfindən tutulub.
Saxlanılan şəxslərin hər biri barəsində Baş İdarənin istintaq və təhqiqat idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Onların cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.