VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNƏ XÜSUSİ DİQQƏT YETİRİLMƏLİDİR
Bildirilmişdir ki, bu ilin birinci yarısında icra hakimiyyəti aparatına daxil olmuş 3.340 məktubdan 2.754-ü vətəndaşların müraciətləridir. Şəhər sakinlərinin qaldırdıqları başlıca problemlər mənzil təminatı və torpaq sahələrinin ayrılması ilə bağlıdır, üstəlik təkrar ərizələr də bu məsələləri əhatə edir.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev müşavirədə çıxışında bildirmişdir ki, iş yerlərinin açılması, şəhərin mənzil fondunun maddi-texniki bazasının yaxşılaşdırılması, yaşayış binaları zirzəmilərinin qurudulması, dam örtüyünün əsaslı təmiri, lift təsərrüfatının bərpası və s. üçün genişmiqyaslı işlər görülməsi bu sahədə gərginliyi bir qədər aradan qaldırmış, nəticədə vətəndaşların həmin məsələlərlə bağlı müraciətləri azalmışdır.
Müşavirədə vurğulanmışdır ki, dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarına əməl edərək, hər bir vətəndaşın ərizəsinə diqqəti artırmaq və fərdi yanaşmaq çox vacibdir.
Müşavirədə tibbi xidmət məsələləri müzakirə olunmuş, fəaliyyəti şəhər əhalisi ilə sıx əlaqədar olan bələdiyyənin, arxitektura şöbəsinin və digər qurumların rəhbərlərinin məlumatı dinlənilmişdir.