VİŞVANATAN ANAND: AZƏRBAYCAN ŞAHMATÇILARININ DÜNYA ÇEMPİONU TİTULUNU QAZANMAQ ŞANSI ÇOX YÜKSƏKDİR
Bakı, 7 may (AZƏRTAC). Şahmat üzrə hazırkı dünya çempionu Vişvanatan Anand (Hindistan) Azərbaycan və dünya yığmaları arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident Kuboku” turnirində iştirak üçün Bakıya gəlmişdir.
V.Anand demişdir: “Bu, olduqca əlamətdar görüşdə iştiraka dəvət aldığım üçün çox şad oldum. Hesab edirəm ki, Azərbaycan şahmatçılarının kifayət qədər gənc, lakin eyni zamanda həm klassik, həm də sürətli şahmat oyunlarında böyük uğurlar qazanmış olduqca güclü yığması vardır. Azərbaycan şahmatçılarının şahmat olimpiadasında çıxışını nəzərə alaraq, qarşıdan gələn matçda onlardan güclü oyun gözləyirəm. Hesab edirəm ki, matç maraqlı mübarizə şəraitində keçəcəkdir. Azərbaycan yığmasının tərkibində güclü şahmatçılar oynayırlar”.
Dünya çempionunun fikrincə, Azərbaycan şahmatçılarından bəziləri dünya şahmat tacına namizəd ola bilər. O demişdir: “Azərbaycanın tanınan üç şahmatçısı Vüqar Həşimov, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun dünya çempionu titulu uğrunda mübarizə aparmaq imkanları bərabərdir. Rəcəbov və Məmmədyarov artıq çoxdan yüksək səviyyədə oynayırlar. Lakin Həşimov da son vaxtlar çox yaxşı oynayır. O, FİDE-nin Bakıda keçirilən Qran-pri yarışlarının birinci mərhələsini udmuşdur. Onların hamısının reytinqi 2700-ü ötmüşdür. Reytinq göstəriciləri arasında fərq isə cüzidir. Mən onların hər biri ilə ehtiyatla oynayacağam, çünki onların hansının güclü oynayacağını demək çox çətindir. Əminəm ki, bu turnir çox yüksək səviyyədə keçəcəkdir”.
Bakıda Ananda növbəti şahmat “Oskar”ını təqdim edəcəklər. Tanınmış şahmatçı demişdir: “Mən yenidən “Oskar” mükafatına layiq görüldüyümə görə çox şadam. 2007-ci ildə bu mükafatı Mexikoda almışam, indi isə Bakıda alacağam”.