DÜNYA
Volodimir Zelenski NATO-üzvlərinə sərt müraciət edib
![Volodimir Zelenski NATO-üzvlərinə sərt müraciət edib](/files/2023/2/1200x630/16890768675144738214_1200x630.jpg)
Kiyev, 11 iyul, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski tutduqları mövqeyə görə NATO-ya üzv ölkələrə sərt müraciət edib. Kiyevə belə bir siqnal çatıb ki, müttəfiqlər kuluarlarda sammitdə Ukrayna olmadan həll formullarını müzakirə edirlər.
AZƏRTAC bu barədə Ukraynanın dövlət başçısının teleqram kanalına istinadla xəbər verir. Zelenski yazıb: “Biz müttəfiqlərimizi qiymətləndiririk. Biz ümumi təhlükəsizliyimizi qiymətləndiririk və həmişə açıq söhbətə dəyər veririk. Ukrayna Vilnüsdəki NATO sammitində təmsil olunacaq. Çünki bu, hörmət əlamətidir. Lakin Ukrayna da hörmətə layiqdir. İndi, Vilnüsə yola düşərkən, belə bir siqnal almışıq ki, Ukraynasız həll formulları müzakirə olunur”.
Prezident Zelenski vurğulayıb ki, bu formul dəvət əsasındadır və Ukraynanın üzvlüyü ilə əlaqəli deyil. O diqqətə çatdırıb: “Həm dəvət, həm də Ukraynanın üzvlüyü ilə bağlı heç bir vaxt çərçivəsinin olmaması görünməmiş hal və absurddur. Bunun əvəzində, hətta Ukraynanın dəvət olunması “şərtləri” haqqında hansısa qəribə formullar əlavə olunur...”
Ukrayna dövlətinin başçısının sözlərinə görə, görünən odur ki, müttəfiqlər nə Ukraynanı NATO-ya dəvət etməyə, nə də onu Alyansın üzvlüyünə qəbul etməyə hazır deyillər.
Zelenski sonda qeyd edib: “Demək, Rusiya ilə danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü ətrafında manipulyasiya etmək imkanı qalır...Qeyri-müəyyənlik zəiflik əlamətidir. Mən sammitdə bunu açıq şəkildə müzakirə edəcəyəm”.
Xatırladaq ki, bu gün Vilnüsdə NATO-nun ikigünlük sammiti öz işinə başlayıb. Alyansın Baş katibi Yens Stoltenberq vəd edib ki, Ukrayna görüşün yekunlarına dair müttəfiqlərdən “güclü mesaj” alacaq. Lakin bunun ardından NATO-ya üzv ölkələrin bəzi nümayəndələrinin pessimist bəyanatları səslənməyə başlayıb. Xüsusən, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün bildirib ki, guya NATO-nun Vilnüs sammitinin təklif olunan yekun Bəyanatında Ukraynanın Alyansa üzv qəbul edilməsi barədə konkret qrafik yoxdur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev