Voskedzor qızıl-polimetal mədənindən Naxçıvan ərazisinə toz kütləsi yayılır - QHT sədri
Bakı, 25 avqust, AZƏRTAC
Voskedzor qızıl-polimetal mədəni Zəngəzur mahalının Geqi və Lor yaşayış məntəqələrinin yaxınlığında sərhədimizdən 32 kilometr məsafədə yerləşir. Mədən yaxınlığından keçən Qazangölçay Oxçuçaya birləşməklə 74 kilometr sonra Araz çayına qovuşur.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair “Environmental Protection First” QHT koalisiyasının hesabatı zamanı “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədri Amin Məmmədov söyləyib.
O bildirib ki, Voskedzor qızıl-polimetal mədənində aparılan fəaliyyət nəticəsində hava yolu ilə Naxçıvan Muxtar Respublikasının ərazisinə toz kütləsi yayılır. Həmçinin Qazangölçay sularına atılan kimyəvi maddələr Araz çayının çirklənməsinə səbəb olur.
“Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində mədəndə heç bir dəyişiklik müşahidə olunmayıb. Ehtimal edilir ki, Voskedzor qızıl-polimetal mədəni fəaliyyət göstərməyib. Bu mədən üzrə açıq karxanalardan, filizqırma sahəsindən qeyri-üzvi tozun emissiyaları ildə 649,97 ton hesablanıb. Ətraf mühitə atılan maddələrin ümumi iqtisadi zərəri isə 81,97 milyon AMD (360,5 min AZN) qiymətləndirilir”, - deyə Amin Məmmədov diqqətə çatdırıb.