CƏMİYYƏT
Vüqar Tofiqli: Parlament seçkiləri azad, ədalətli, demokratik və şəffaf bir mühitdə baş tutdu
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə səsvermə azad, ədalətli, demokratik və şəffaf bir mühitdə keçirildi. Seçki marafonuna qoşulan siyasi partiyalar, namizədlər üçün bərabər şərait yaradıldı. “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyası olaraq bir məqamı da qeyd edirik ki, seçki günü – səsvermə başa çatmamış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna aid olduğu iddia edilən seçki hesabatının internet resurslarında yayılması bu təsisata qarşı Azərbaycan ictimaiyyətində inamı daha da zədələyib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasının həmtəsisçisi Vüqar Tofiqli bildirib.
V.Tofiqli qeyd edib ki, ATƏT əvvəlki dövrlərdə də Azərbaycan əleyhinə qərəzli yanaşmaları və hesabatları ilə tanınıb. Ermənistan və Azərbaycan arasında müharibə çoxdan başa çatsa da, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etsə də, ATƏT-in Minsk qrupu tarixə çevrilsə də, ATƏT-in hələ də Minsk qrupunu rəsmi qaydada ləğv etməməsi Azərbaycanda bu təşkilata, o cümlədən onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna ictimai etimadı sıfırlayıb. Bu sıraya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ötən dövr ərzində azərbaycanlı məcburi köçkünlərin və qaçqınların pozulmuş insan hüquqları ilə əlaqədar hərəkətsizliyi də əlavə olunmalıdır.
“Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyası olaraq, seçki günü ilə əlaqədar bütün qeydləri sistemləşdiririk, təhlil və monitorinq işlərimiz davam edir, seçkidən sonrakı proses də nəzərə alınmaqla, yekun hesabatda bütün məqamlar əks olunacaq”, - deyə Vüqar Tofiqli əlavə edib.