Xocalı faciəsi azərbaycanlılara qarşı soyqırımı siyasətinin davamıdır
Ağsu, 18 fevral, AZƏRTAC
Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını pozaraq Xocalıya hücum edib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağsu Rayon Mərkəzi Kitabxanasında Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar keçirilən tədbirdə danışılıb.
Mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov, Xocalı sakini Əmrah Məmmədov, tarix müəllimi Sənan Nemətov və başqaları çıxış edərək bildiriblər ki, Ermənistan öz havadarlarının köməyi ilə Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirib, Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edib. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulub, 50 mindən çox insan yaralanıb və əlil olub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb.
Tədbirdə çıxış edənlər Xocalı faciəsinin ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətinin davamı olduğunu bildiriblər. Natiqlər Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında gənclərin sosial şəbəkələrdə fəal iştirakının vacibliyindən danışıb, düşmən tapdağı altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminliklərini bildiriblər.
Sonda Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş etdirilib.