XOCALI FACİƏSİ FRANSIZ MƏTBUATINDA
Paris, 26 fevral (AZƏRTAC). Xalqımızın tarixinin qanlı səhifələrindən biri olan Xocalı faciəsinin 18-ci ildönümü dünya ictimaiyyəti ilə yanaşı, kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir.
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi Xocalı həqiqətlərini fransız ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi ilə xüsusi təşəbbüs göstərmiş, Strasburqda gündəlik nəşr olunan Alzas bölgəsinin əsas mətbu orqanı “Alzasın son xəbərləri” qəzetinin 24-fevral nömrəsində “ Dağlıq Qarabağ münaqişəsi: Xocalıya ədalət” sərlövhəli məqalə dərc etdirmişdir.
Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilmiş, Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində erməni silahlı birləşmələri tərəfindən bir milyondan artıq azərbaycanlının doğma torpaqlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən bəhs olunur.
Məqalədə Xocalı faciəsindən ətraflı söhbət açılmışdır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə müasir silahlarla silahlanmış erməni hərbçilərinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə insanlıq tarixində ən dəhşətli faciə olan Xocalı soyqırımını törətdiklərini, 7 min nəfərlik kiçik şəhərin əhalisinə amansızlıqla divan tutduqlarını, günahsız 613 dinc sakini qətlə yetirdiklərini, onların arasında 106 qadının, 83 uşağın və 70 qocanın vəhşicəsinə öldürüldüyünü fransız oxucuların diqqətinə çatdırmışdır.
Materialda qeyd edilir ki, Xocalı yerlə-yeksan edilmişdir. Amma faciənin qurbanlarının xatirəsi daim yaddaşlarda qalmaqdadır. Aradan 18 il ötməsinə baxmayaraq, beynəlxlaq ictimaiyyət hələ də ermənilər tərəfindən Xocalının dinc əhalisinə qarşı törədilmiş bu qətliamı pisləməmişdir. Məqalədə “haqsızlıq davam edir” kimi fikir xüsusi vurğulanmışdır.
Bundan əlavə, yazıda göstərilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dörd qətnaməyə, eləcə də Avropa Şurasının 2005-ci ilin aprelində qəbul etdiyi qətnaməyə baxmayaraq, Azərbaycan ərazisinin 20 faizi hələ də işğal altındadır.
Sonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin Cənubi Qafqaz regionynda sülh və sabitliyin bərqərar olması üçün başlıca şərt olduğu bildirilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris