Xocalı faciəsinin 25-ci ildönümü İndoneziyada qeyd edilib
Cakarta,18 fevral, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin parlamentinin parlamentlərarası əməkdaşlıq komitəsi və parlamentin xarici əlaqələr üzrə birinci komissiyası birlikdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş müzakirələr keçirib.
Tədbirdə parlamentin üzvləri, bir neçə qeyri-hökumət təşkilatının, yerli kütləvi-informasiya vasitələrinin nümayəndələri, eləcə də İndoneziyanın əsas universitetlərinin siyasi elmlər, hüquq və beynəlxalq əlaqələr fakültələrinin tələbələri iştirak ediblər.
Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixindən və ermənilərin əsassız torpaq iddialarından bəhs edib. Bu təcavüzün arxasında əslində yalnız ərazi iddialarının deyil, eyni zamanda, müsəlmanlara qarşı nifrət və azərbaycanlılara qarşı paxıllıq hisslərinin dayandığını bildirib.
Tədbirdə çıxış edən İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri xanım Meutya Hafid qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Dağlıq Qarabağ regionunda etnik təmizləmələr və soyqırımları həyata keçirilib. İndoneziyanın yalnız Xocalı soyqırımını deyil, dünyada baş verən bütün qırğınları və təcavüzləri hər zaman qınadığın vurğulayan Meutya Hafid deyib: “Biz Ermənistandan tələb edirik ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini həyata keçirərək Azərbaycana qarşı təcavüzə son qoysun. BMT Təhlükəsizlik Şurasından isə tələbimiz budur ki, Ermənistanı qurumun qəbul etdiyi qətnamələrin icrasına vadar etsin. İcra olunmayan qətnamələr adi bir kağız parçasıdır və faydasızdır”.
Tədbir zamanı həmin faciədən bəhs edən “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib, iştirakçıların sualları ətraflı cavablandırılıb.
Sonda iştirakçılara səfirlik tərəfindən yerli dildə tərtib olunmuş “Xocalı soyqırımı” adlı sənədlər toplusundan ibarət kitablar paylanılıb.
Tədbir haqqında məlumatlar İndoneziya parlamentinin rəsmi internet səhifəsində, habelə bir sıra xəbər portallarında yerləşdirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta