Xüsusi Olimpiyaçı futbolçularımız beynəlxalq “Gothia” kuboku turnirində uğurlu çıxışlarını davam etdirirlər
Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlar və qızlardan ibarət futbol yığma komandaları İsveç Krallığının Göteburq şəhərində keçirilən beynəlxalq “Gothia” kuboku turnirinin ikinci günündə də bütün oyunlardan qələbə ilə ayrılıblar.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin mərhələdə divizionlara bölünmə məqsədilə yoxlama oyunlarında Estoniya və İsveç yığmalarını müvafiq olaraq 10:0 və 5:0 hesabı ilə məğlub edən oğlanlardan ibarət yığmamız göstərdiyi nəticələrə görə ən güclü birinci divizionda qərarlaşıb. Latviya, İtaliya və Litva yığma komandaları ilə eyni divizionu bölüşən xüsusi olimpiyaçılarımız qrup oyunlarının ilk matçında Latviyaya 8:0 hesabı ilə qalib gəlib. Günün ikinci yarısında İtaliya yığması ilə görüşən komandamız bu oyundan da 2:1 hesablı qələbə ilə ayrılıb.
Qızlardan ibarət yığma komandamız da yeganə divizionun ikinci qrup oyunlarında Özbəkistan yığması ilə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.