Yağmurlu hava şəraiti sabah da davam edəcək
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, cənub-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti təşkil edəcək.
Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər. Fevralın 21-22-də meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali üçün əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 8-13° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 1-6° şaxta, gündüz 2-7° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 1-6° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 1-3° isti, gündüz 8-12° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 3-7° isti təşkil edəcək.