YAP Tərtər rayon təşkilatının yaranmasının 30 illiyi qeyd olunub
Tərtər, 25 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yaradılmasının 30 illiyi qeyd edilib. Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, idarə və müəssisələrin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər. Rayon icra hakimiyyətinin akt zalında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin və dünyasını dəyişmiş YAP üzvlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, 1990-cı illərin əvvəllərindəki mürəkkəb tarixi-siyasi şəraitdən, Azərbaycan xalqının ən ağır, taleyüklü dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsindən, partiyanın keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu Öndərin dövlətimiz qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb.
Bildirib ki, ümumxalq partiyası olan YAP Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və idarəetmə prinsiplərinə söykənərək müstəqil dövlətimizin qurulması yolunda çoxşaxəli fəaliyyət göstərib. Bu gün Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti partiyanın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib.
Yubiley tədbirində YAP rayon təşkilatının sədri Eldar Əsədov, Səhləbad ərazi partiya təşkilatının sədr müavini, Vətən müharibəsi iştirakçısı Səbuhi İbrahimov, Statistika İdarəsinin rəis müavini İradə Rəfiyeva, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov çıxış edərək YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olmasından danışıblar. YAP-ın sıralarının gündən-günə genişlənməsinin, sosial bazasının daha da möhkəmlənməsinin Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri və rayonun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə bir qrup partiya fəalına Fəxri fərmanlar təqdim edilib.