Yardımlıda Milli Qəhrəman Bəhruz Mənsurovun xatirəsi anılıb
Yardımlı, 12 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 12-də Yardımlı rayonunun Telavar kəndində Milli Qəhrəman Bəhruz Mansurovun doğum günü münasibətilə anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, şəhidin qohumları, ictimaiyyət nümayəndələri və kənd sakinləri Milli Qəhrəman Bəhruz Mənsurovun məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.
Qeyd olunub ki, Bəhruz Mansurov 1975-ci il martın 13-də Yardımlı rayonunun Telavar kəndində anadan olub. O, orta təhsilini doğma kəndində başa vurduqdan sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə qəbul olub.
Təhsil aldığı müddətdə Azərbaycanın başı üstünü qara buludlar almışdı. Bəhruz da bir Vətən oğlu kimi əlinə silah alaraq Azərbaycanın suverenliyi uğrunda ayağa qalxanlardan oldu.
Ölkə vətəndaş müharibəsinin təhlükəsini yaşadığı bir vaxtda, 20 yaşlı Bəhruz da vətənpərvərlik borcunu yerinə yetirirdi. Ona silahlı dəstəni zərərsizləşdirmək tapşırılmışdı.
Bu vəzifəni yerinə yetirərkən namərd gülləsi onu ağır yaraladı. Aldığı yaradan çoxlu qan itirdiyindən Bəhruzun həyatını xilas etmək mümkün olmadı.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə Mansurov Bəhruz Qəhrəman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
Bəhruz Mansurov Yardımlı rayonunun Telavar kəndində dəfn edilib. Təhsil aldığı tam orta məktəb onun adını daşıyır.