Yaşar Bəşirov: Azərbaycan karateçiləri dünyada favorit hesab olunurlar
Paris, 14 iyun, AZƏRTAC
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Xalqımız idmançılarımızdan da qələbə gözləyir. Parisdə karateçilərin Olimpiya təsnifat turnirinə məhz bu qələbə əzmi ilə qatıldıq. Yarış çətin olsa da, qələbə əzmimiz sayəsində Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazandıq.
Bu fikirləri Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Parisdə keçirilən karate üzrə Olimpiya təsnifat turniri ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, idmançılarımızın Olimpiya hərəkatında fəal iştirakı təkcə atletlərimizin idman sahəsində uğuru kimi deyil, həm də Azərbaycan dövlətinin dünya idmanında söz sahibi olması kimi qiymətləndirilir və ölkəmizin təbliğində mühüm rol oynayır. Məhz buna görə də hər bir dövlət idmançılarının Olimpiya Oyunlarında iştirakına böyük önəm verir. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, dövlətimizin başçısı İlham Əliyevin idmana ali diqqət və qayğısı sayəsində karateçilərimiz də dünya idmanında layiqli yer tutub, beynəlxalq aləmdə favoritlərdən hesab edilirlər.
“Karateçilərimizin Parisdə keçirilmiş Olimpiya təsnifat turnirində nəticələri ürəkaçandır. Yarışda 98 dövlətdən ən güclü karateçilər mübarizə apardılar. Görüşlər çətin olsa da, karateçilərimiz əzmlə mübarizə apardılar. Bəzi böyük idman dövlətləri “Tokio-2020”yə vəsiqə qazana bilməyiblər. Ancaq Azərbaycan Tokio Yay Olimpiya Oyunlarına 3 vəsiqə qazanıb. Bu, çox sevindirici haldır. Tokio Yay Olimpiya Oyunlarında da yüksək nəticələr əldə edəcəyimizə inanırıq”, - deyə Azərbaycan Milli Karate Federasiyasının prezidenti bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris