MƏDƏNİYYƏT
Yazıçı-publisist Salman Alıoğlunun “Gözü yolda qalan var” kitabı Qarabağ ağrılarından bəhs edir
Bakı, 11 mart, AZƏRTAC
Yurd itkisi, göyüm-göyüm göynəyən Vətən həsrəti, işğal altındakı dədə-baba torpaqlarının iniltisi, yaralarımıza duz basan faciələrimiz, uzaqlarda qalsa da, ətri həmişə burnumuza gələn, xəyalı gözümüz önündən çəkilməyən, gecələr yuxumuza girən doğma yerlərin bizi qisasa çağıran harayı...
AZƏRTAC xəbər verir ki, yazıçı-publisist Salman Alıoğlunun “Maarif” nəşriyyatında nəşr olunan “Gözü yolda qalan var” kitabının mövzu dairəsini belə ümumiləşdirmək olar.
Kitabda doğma Qarabağın işğalından sonra qədim yurd yerindən didərgin düşən soydaşlarımızın taleyi, erməni vandalizminin qurbanı olan axar-baxarlı kəndlərin xarabalıqları, viran edilən evlərin altında qalan və heç vaxt unudulmayan xatirələr, məcburi köçkün həyatı yaşayan sakinlərin üzləşdiyi haqsızlıqlar barədə ürək ağrısı ilə və şirin bir dillə söhbət açılır. Müəllifin “Ön söz” yerinə yazdığı müraciət dəfələrlə ölümlə üzləşən faciələrlə dolu bir ömür yolu haqında elegiyanı xatırladır.
“Gözü yolda qalan var” kitabında son otuz ilin hadisələri, Qarabağda baş qaldıran erməni faşizminin iç üzü, ötən əsrin 90-cı illərinin əvvəlində ölkəni öz ağuşuna alaraq fəlakət girdabına sürükləyən separatizmin ifşası, həmin illərdə Azərbaycanın üzləşdiyi dərin böhrandan çıxış yollarından bəhs edən xatirə, müsahibə və zarisovkalar toplanıb.
Kitabda müəllifin son illərdə qələmə aldığı bir sıra hekayələr də yer alıb.