SİYASƏT
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov müşavirənin aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olduğunu bildirib. O, artıq Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədliyinin irəli sürüldüyünü xatırladaraq deyib: “Fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayında partiyamızın sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul olundu. Hesab edirəm ki, partiyamızın qurultayının qərarı Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin birmənalı şəkildə dəstəklədiyi qərardır. Çünki Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan bütün sahələr üzrə böyük inkişaf mərhələsi keçib, hər bir vətəndaşın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, bütövlükdə ölkəmizin siması köklü surətdə dəyişib. Həmçinin Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi güclənib, nüfuzu daha da artıb. YAP bu reallıqlar fonunda seçkilərə gedir. Bütün bu gerçəkliklər Prezident İlham Əliyevin reytinqini əhəmiyyətli dərəcədə yüksəldib”.
YAP sədrinin müavini qeyd edib ki, prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi Azərbaycanın növbəti 7 il ərzində inkişafının dəstəklənməsi deməkdir. Bu mənada YAP-ın VI qurultayının qərarının xalqımız tərəfindən dəstəklənməsinin ciddi əsasları var.
Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün bütün imkanların mövcud olduğunu deyən Əli Əhmədov əvvəlki seçkilərin bu prinsiplər əsasında keçirildiyini xatırladıb. Onun sözlərinə görə, bu dəfə də YAP və onun yerli strukturlarının qarşısında dayanan əsas vəzifə prezident seçkiləri kampaniyasının seçki qanunvericiliyinə, demokratik prinsiplərə uyğun qaydada keçirilməsini təmin etməkdir. Partiyamızın yerli strukturları bütün seçkilərdə bu istiqamətdə böyük fədakarlıq göstəriblər və inanırıq ki, bu dəfə də belə olacaq.
Müşavirədə aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP-ın yerli strukturlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.