YENİ AZƏRBAYCAN PARTİYASINDA ÇİN KOMMUNIST PARTİYASININ XARİCİ ƏLAQƏLƏR NAZİRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr naziri Van Çzyajuyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında, o cümlədən partiyalararası əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.
Ölkələrimiz arasında qarşılıqlı münasibətlərin dərin tarixi köklərə malik olduğunu nəzərə çatdıran nümayəndə heyətinin rəhbəri Van Çzyajuy, diplomatik əlaqələr yaradılandan sonra Azərbaycan və Çin arasında dostluq, bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin daha sürətlə inkişaf etdiyini vurğulamışdır. Çin Kommunist Partiyasının dünyanın 50-dən çox ölkəsində aparıcı siyasi partiyalarla qarşılıqlı əlaqəsindən bəhs edən Van Çzyajuy təmsil etdiyi qurumun Yeni Azərbaycan Partiyası ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırmışdır.
Görüşdə Yeni Azərbaycan Partiyasının Çin Kommunist Partiyası ilə əlaqələrin inkişafını daim diqqətdə saxladığını qeyd edən YAP sədrinin müavini Əli Əhmədov, partiyanın cəmiyyətdəki və siyasi həyatdakı rolu və mövqeyi barədə qonaqlara ətraflı məlumat vermişdir. Əli Əhmədov partiyalararası əlaqələrin daha da inkişaf etdirilməsini nəzərdə tutan təkliflərin YAP tərəfindən dəstəkləndiyini və bu istiqamətdə təşəbbüslərin reallaşacağına tam əminliyini ifadə etmişdir.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Nazirliyinin idarə rəisi Tyan Yunsyan, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Cjan Xayçjou və digər şəxslər görüşdə iştirak etmişlər.