Yeni layihə Kür çayının qorunmasına xidmət edəcəkdir
Bakı, 13 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi “Ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması istiqamətində Salyan rayonunun gənclərinin təşəbbüslərinin dəstəklənməsi” layihəsinə başlamışdır.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, bununla bağlı Salyan rayonunda layihənin təqdimatına həsr olunmuş tədbir keçirilmişdir. Yerli icra və bələdiyyə orqanları nümayəndələrinin, təhsil, səhiyyə mədəniyyət işçilərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional şöbəsi əməkdaşlarının iştirak etdikləri tədbirdə layihə çərçivəsində görüləcək işlərdən danışılmışdır.
Bildirilmişdir ki, Kür çayı 66 kilometrlik məsafədə Salyan rayonunun ərazisindən axır. Təəssüf ki, çayın sahilləri təmiz saxlanılmır, məişət və sənaye tullantıları ilə zibillənir. Ərazidə biomüxtəliflik getdikcə daha çox təhlükəyə məruz qalır. Ekoloji maarifləndirmə olmadan bu cür hadisələrdən qoruna bilmərik.
Qeyd edilmişdir ki, layihə çərçivəsində keçiriləcək tədbirlərə ekoloji maarifləndirmə sahəsində təcrübəsi olan mütəxəssislər cəlb olunacaqlar. Artıq Kür çayı sahilində yerləşən şəhər və kənd tam orta məktəbləri haqqında ətraflı məlumat toplanılmış, şagirdlər və əhali arasından fəal könüllülər seçilmişdir.
Layihənin həyata keçiriləcəyi müddətdə gənc təbiətsevərlər “Ekoloji oyun”lar səhnələşdirəcəklər. Atmosferi, torpağı, çayı, biomüxtəlifliyi və digər təbiət personajlarını şagirdlər özləri ifa etməklə, yaşıdlarının və ictimaiyyət nümayəndələrinin diqqətini ətraf mühitin mühafizəsinə cəlb edəcəklər.
Bütün tədbirlərdə ictimai birliyin fəalları tərəfindən hazırlanmış ekoloji bülletenlər paylanılacaq və videoçarxlar göstəriləcəkdir.
Layihə 3 ay davam edəcəkdir.