YENİ LAYİHƏ PROBLEMİNİ ARADAN QALDIRACAQDIR
ABŞ-ın İnkişaflı Alternativləri təşkilatı (DAİ) Dövlət Departamentinin ayırdığı qrant hesabına respublikamızın şimal-qərb bölgəsində su ehtiyatlarının idarə olunmasında yerli əhalinin və qurumların iştirakını təmin etmək məqsədi ilə “Qanıx çay hövzəsinin kompleks planlaşdırılması” layihəsini həyata keçirməyə başlamışdır.
Balakən və Qax rayonlarının su təchizatı, çirkab suların təmizlənməsi ilə bağlı problemləri aradan qaldıracaq layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən yerinə yetirilən “Cənubi Qafqazda su ehtiyatlarının idarə olunması” layihəsinin tərkib hissəsidir.
Yeni layihədən əsas məqsəd Gürcüstanla həmsərhəd olan bu bölgədə su ehtiyatlarının monitorinqi, suyun idarə olunmasında və mühafizəsində yerli icmanın, sudan istifadəçilərin rolunu və fəallığını artırmaq, su ilə bağlı mübahisələrin yaranmasının qarşısını almaqdan ibarətdir.