Yüksəkixtisaslı kadr hazırlığı diqqət mərkəzində saxlanılır
Naxçıvan, 15 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasını təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Flora Kərimova çıxışında müxtəlif ixtisasların aidiyyəti orqanlara hamiliyə verilməsinin önəmini qeyd edib. Bildirib ki, bu, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri üçün xüsusi əhəmiyyət daşıyır və yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə verir. Müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadrlar hesab olunur.
Flora Kərimova belə tədbirlərin mütəmadi olaraq davam etdirilməsinin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, keçirilən görüşlər, tələbələri maraqlandıran mövzuların aydınlaşdırılması onların gələcəkdə peşəkar kadrlar kimi formalaşmaları üçün əlverişli şərait yaradır.
Sonra Dövlət İmtahan Mərkəzinin əməkdaşları Razi Məmmədov “Azərbaycanda dövlət qulluğunun təşəkkülü və əsas tarixi mərhələləri”, Məmməd Babayev isə “Dövlət qulluğu və dövlət qulluqçusu” mövzularında hazırlanmış slaydlar vasitəsilə tələbələrə geniş məlumat veriblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.