İDMAN
YUNANLAR OLİMPİYA OYUNLARINA CƏMİ 40 FAİZ HAZIRDIRLAR
Dördilliyin əsas idman hadisəsinin başlanmasına 100 gündən az qalır. Buna baxmayaraq, Olimpiada üçün nəzərdə tutulan 30 qurğudan cəmi 12-si tam hazırdır. Əsas stadionun örtüyünün təmiri Oyunlara bir ay qalmış başa çatdırılmalıdır. İnşaatçılar gecə-gündüz işləyirlər. Lakin Beynəlxalq Olimpiya Komitəsi (BOK) bu işlərin vaxtında görüləcəyi sarıdan narahatdır.
Yarışların keçiriləcəyi dörd şəhərin hakimiyyət orqanlarının, tikinti işləri ilə yanaşı, digər qayğıları da başdan aşır. Onlardan başlıcası həmin şəhərlərdə təmizlik və səliqə-sahmanla bağlıdır. Sanitariya təşkilatları sahibsiz it və pişiklərlə mübarizə apararaq, “yaşıllar” işə qarışmamış, onları kütləvi surətdə zəhərləyib qırırlar. Hələlik boş olan stadionlarda ağlasığmaz dərəcədə çoxalmış siçan-siçovullar da az baş ağrısı vermir. Odur ki, bunları da kütləvi surətdə qırmaq lazım gəlir.
Yunanlar şəhərlərinin ürəkaçan görkəmdə olması üçün bütün işləri görürlər. Ona görə də Olimpiada günlərində küçə ticarəti qadağan ediləcəkdir, taksi sürücülərinə ədəb-ərkan qaydaları öyrədilir və onlara yeni avtomobillər verilir. Çətin işlərdən biri də Olimpiya şəhərlərindəki kafe və restoranlarda sanitariya normalarını təmin etməkdir, çünki hazırda onların 36 faizində bu normalar pozulur.
Gözlənildiyinə görə, Olimpiadaya təxminən 1,5 milyon turist gələcəkdir. Bu isə onların yerbəyer edilməsi problemi ilə yanaşı, qarmaqarışıqlığa və bahalığa da səbəb olacaqdır. Təkcə maşınların lazımi yerlərdə saxlanılmamasına görə cərimə haqqı 10 dəfə artıb, təqribən min avro təşkil edəcəkdir.
Təhlükəsizliyin təmin olunmasına 50 mindən artıq polis və hərbi qulluqçu cəlb edilməsinə baxmayaraq, avropalı və amerikalı turistləri ən çox qorxudan terror aktlarıdır. Məsələn, dörd il əvvəl Sidney Olimpiadası ilə müqayisədə hazırda ABŞ-da 30 faiz az bilet satılmışdır. Bir neçə gün əvvəl Afinada törədilmiş partlayışlar bu qorxunu daha da artırmışdır.
Bütün bunlara baxmayaraq, yunanlar nikbindir və Olimpiadanı yüksək səviyyədə keçirəcəklərinə əmindirlər.