ZAQATALADA BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ GENİŞ QEYD OLUNMUŞDUR
Zaqatala, 4 mart (AZƏRTAC). Zaqatala Olimpiya-İdman Kompleksində 5 mart - Bədən tərbiyəsi və idman günü münasibətilə bayram tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl rayon idmançılarının bir qrupu ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin abidə-kompleksi önünə əklil qoymuş, gül-çiçək düzmüş, xatirəsini ehtiramla anmışdır.
Rayon icra hakimiyyəti başçısının müavini Zümrüd Ağakişiyeva idman ictimaiyyətini əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə söhbət açmışdır. Son illər Zaqatalada beynəlxalq standartlara cavab verən yeni idman qurğularının, o cümlədən Olimpiya-İdman Kompleksinin, şəhər stadionunun, kəndlərdə yeni idman zallarının tikildiyini, bu qurğuların zəruri ləvazimatlarla təmin olunduğunu nəzərə çarpdıran natiq, görülən tədbirlərin idmanın inkişafına təkan verdiyini, nəticədə 2008-ci ildə rayon idmançılarının respublika və beynəlxalq səviyyəli yarışlarda böyük uğurlar qazandıqlarını xüsusi vurğulamışdır.
Tədbirdə tanınmış idmançılar çıxış edərək, respublikamızda idmanın inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda 2008-ci ildə respublika və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr əldə etmiş idmançılara, onların məşqçilərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.