Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar
Bakı, 30 iyun, AZƏRTAC
Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ellada Hüseynova və böyük elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Səkinə Hacıyeva “Azərbaycanda (işğaldan azad edilmiş ərazilər də daxil olmaqla) entomofaunanın, hörümçəkkimilərin müasir vəziyyətinin araşdırılması, nadir və azsaylı növlərin ekoloji vəziyyətinin qiymətləndirilməsi” işi üzrə entomoloji material toplamaq məqsədilə Lənkəran rayonunda ekspedisiyada olublar.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, ekspedisiya müddətində kəndətrafı və çay kənarındakı çəmənliklər, meşə ətrafı sahələr, talalar müayinə edilərək entomoloji tədqiqatlar aparılıb, materiallar toplanıb. Ekspedisiya zamanı qızıl böcəklər, uzunbığ böcəklər, həmçinin müxtəlif kəpənək növləri toplanaraq təyin olunması üçün laboratoriyaya gətirilib. Materiallar spirtə və ya pambıq döşəklərə yerləşdirilərək etiketlərlə təmin edilib.