Dünyanın ən böyük mineral sulu gölü: Heviz VİDEO





Bakı, 14 oktyabr, AZƏRTAC
Macarıstanın populyar Heviz kurortu Budapeştdən təqribən 190 kilometr cənub-qərbdə, meşələrin əhatəsində yerləşir. Əhalisi təxminən beş min nəfər olan eyni adlı şəhərcikdə sakit həyat hökm sürür. Hara baxsanız müxtəlif fəvvarələr, maraqlı heykəltəraşlıq kompozisiyaları görərsiniz. Burada istirahət edənlər Heviz fermer bazarına getməyi də xoşlayırlar. Bazardakı piştaxtalarda ekoloji təmiz məhsullar, xüsusən bal, qab-qacaq, məişət əşyaları və suvenirlər diqqəti cəlb edir.
Hevizi ən çox məşhurlaşdıran isə eyni adlı termal göldür. Bu, bioloji baxımdan aktiv olan ən böyük təbii müalicəvi göldür. Hətta qışda da gölün suyunun temperaturu 24 dərəcədən aşağı enmir. Bu səbəbdən ilboyu su prosedurları üçün yararlıdır. Buradakı istirahət-müalicə kompleksinin ərazisinə giriş pulludur. Giriş haqqı 6 avrodan başlayır. Hesab edirlər ki, bu göldə çimmək dayaq-hərəkət aparatının müxtəlif xəstəliklərinin, o cümlədən revmatizmin, oynaq və onurğa sütunu xəstəliklərinin, xroniki ginekoloji və digər xəstəliklərin müalicəsi üçü faydalıdır.
Göl 38 metr dərinlikdə yerləşən hidrokarbonat tərkibli bulaqlardan qidalanır. Onun suyunda çoxlu mineral maddələr var. Saniyədə 410 litr suyun yer səthinə çıxması sayəsində cəmi 72 saat ərzində gölün suyu tamamilə təzələnir. Göldə temperatur 7 bulaq suyunun qarışması hesabına formalaşır. Bu qaynaqlardan ikisindən qaynar su, beşindən soyuq su çıxır. Hava şəraitindən asılı olaraq gölün temperaturu 24-38 dərəcə arasında dəyişir.
Heviz gölünün bəzi yerlərində dərinlik 38,5 metrə çatır. Gölün ərazisinin üçdə iki hissəsində isə dərinlik 1,5-2 metrdir: əlinizi uzatsanız gölün dibinə çatar. Buradakı yumşaq lil və palçıq da müalicəvi effektə malikdir.
Gölün suyu insanı sakitləşdirir və təravətləndirir, müntəzəm və fasiləsiz su axını orqanizmə xoş yüngül masaj təsiri bağışlayır. Burada heç kəs üzmür. İnsanlar xilasetmə dairələrinə söykənərək suyun ilıq səthində sərbəst şəkildə uzanıb dincəlirlər. Gölün dibindən fasiləsiz fontan vuran bulaqlar burada dincələnlərin göl səthində astaca dreyf etməsinə şərait yaradır. Onu da qeyd edək ki, həkimlə məsləhətləşmədən gölün suyunda 30 dəqiqədən çox qalmaq tövsiyə olunmur.
Yeri gəlmişkən, Hevizdə içməli mineral su bulaqları da var. Bu suyun tərkibindəki kükürd xroniki qastritlər və mədə turşuluğunun azlığı kimi hallarda yaxşı təsir göstərir. Şəhərin bir neçə hissəsində yerləşən bu bulaqların suyundan hər kəs pulsuz istifadə edə bilər.
Hevizdə istirahət edənlər çox olsa da, göl daim canlıdır. Buradakı çəhrayı, ağ, yasəməni rəngli güllər xoş ətir saçır. Göldə bitkilərdən əlavə, balaca balıqlar da var. Onlar suda çimən insanlara əsla mane olmur. İlin soyuq fəslində isə bura köçəri quşlar - ördəklər və qu quşları uçub gəlir. Gölün dövrəsindəki gözəl meşə onu kənar təsirlərdən - küləkdən, tozdan və hay-küydən qoruyaraq, ətrafda unikal mikroiqlim yaradır.