CƏMİYYƏT
Qoşqar Təhməzli: məqsədimiz qida təhlükəsizliyini Avropa standartlarına uyğunlaşdırmaqdır VİDEO
Paris, 30 mart, AZƏRTAC
“Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyətinin Fransaya səfəri dövlət başçısının ölkədə həyata keçirdiyi institusional islahatların icrasını əks etdirir. Agentliyimizin əməkdaşları Ümumdünya Heyvan Sağlamlığı və Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatlarının baş direktorları və nümayəndə heyətləri ilə məhsuldar görüşlər keçirdi. Görüşlərin əsas məqsədi heyvan sağlamlığı və baytarlıq nəzarətinin, eləcə də bitki sağlamlığı və fitosanitar nəzarətin tətbiqi ilə bağlı Avropa standartlarının və təcrübəsinin öyrənilməsi idi”.
Bu fikirləri Fransada səfərdə olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli AZƏRTAC-a müsahibəsində söyləyib.
Qeyd edib ki, məqsəd qida təhlükəsizliyini Avropa standartlarına uyğunlaşdırmaq, Azərbaycanda istehsal edilən heyvan və bitki mənşəli məhsulların Avropa ölkələrinə ixracına nail olmaqdır.
“Heyvan sağlamlığı və baytarlıq nəzarətinin tətbiqi ölkənin bioloji təhlükəsizliyinin təmin olunması deməkdir. Bu həm insan sağlamlığına töhfə verəcək, eləcə də ölkənin ixrac potensialını artıracaq.
Müzakirələrdə xəstəlikdən azad zona ilə bağlı fikir mübadiləsi apardıq, xarici mütəxəssislərlə əməkdaşlarımızın fikirləri üst üstə düşdü.
Abşeronda bu zonanın yaranmasına dair pilot layihə haqqında Ümumdünya Heyvan Sağlamlığı Təşkilatını (OIE) rəsmi olaraq da məlumatlandıracağıq”, - deyə Q. Təhməzli bildirib.
O, qeyd edib ki, ölkəyə aqrokimyəvi preparatların və bitki vasitələrinin gətirilməsi gələcəkdə ilkin istehsal sahələrində bitkiçilik təsərrüfatlarında məhsulların sağlam olmasını təmin edəcək və insan sağlamlığına fəsad törətməyəcək.
Qida Təhlükəsizliyi Agentliyinin sədri keçirilən görüşlərin məhsuldar olduğunu diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ən xüsusi müxbiri
Paris