“2010 - Ekologiya ili – Yaşıl dünya naminə” devizi altında press-tur təşkil edilmişdir
Bakı, 21 oktyabr (AZƏRTAC). Oktyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi “2010-Ekologiya ili - Yaşıl dünya naminə” devizi altında Altıağac Milli Parkına press-tur təşkil etmişdir.
Jurnalistlərə Milli Park haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, ərazisi 11.035 hektar olan Milli Park 2004-cü ildə yaradılmışdır. Milli Parkın yaradılmasının məqsədi Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftını, flora və fauna növlərini qoruyub saxlamaq, bərpa etmək, təbii komplekslərin mühafizəsini gücləndirmək, ekoloji monitorinqi həyata keçirmək, tədqiqat aparmaq, turizm və istirahət üçün şərait yaratmaq, əhalini ekoloji cəhətdən maarifləndirməkdir.
Parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılmışdır. Ərazidəki meşələr Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fıstığı, adi göyrüş, iynəyarpaqlı ağcaqayın ağaclarından ibarətdir. Burada yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu kimi kol bitkiləri üstünlük təşkil edir. Vurğulanmışdır ki, Altıağac Milli Parkının ərazisində məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq yaşayır.
Burada adları Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş qartalkimilərin müxtəlif növləri mövcuddur.
Media nümayəndələri Milli Parkın nəzdində yaradılmış Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasının fəaliyyəti ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, Mərkəz fəaliyyətə başlayandan 100-dən çox quş növü, 18-dən çox vəhşi heyvan növü reabilitasiya olunaraq vəhşi təbiətə buraxılmışdır. Hazırda burada 2 ayı, 1 tülkü, 2 canavar, 1 yenot reabilitasiya dövrü keçir
2006-cı ildə yaradılmış klinikada isə vəhşi təbiətdən, o cümlədən qanunsuz saxlanılan yerlərdən müsadirə olunaraq götürülən və reabilitasiya keçən xəstə heyvan və quşlardan müvafiq nümunələr götürülərək laboratoriyada analiz edilir.
######
![]() |
![]() |

