REGİONLAR
İsmayıllıda yeni subartezian quyusu qazılır VİDEO
Bakı, 6 iyul, AZƏRTAC
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən yaşayış məntəqələrinin sel sularından mühafizəsini təşkil etmək üçün bir sıra tədbirlər görülür. Hazırda rayon ərazisindən axan Sirsak çayda məcra təmizləmə işləri aparılır. Görülən işlər may ayında yağan yağışlarla bağlıdır. Belə ki, güclü yağış nəticəsində gələn sel suları xeyli daş-çınqıl gətirərək çay məcrasını doldurub. Çayın məcrasının təmizlənməsi nəticəsində yaxınlıqda olan Diyallı kəndi və əkin sahələri sel sularından mühafizə olunacaq.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, idarə İsmayıllı rayonunda suvarma mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Əhalinin suvarma və içməli suya olan tələbatını ödəmək üçün rayonda 5 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub. Hazırda onlardan biri ucqar kənd olan Vəng kəndində qazılır.
İsmayıllı rayonunda İsmayıllı Suvarma Sistemləri tərəfindən balansda olan torpaq məcralı kanalların lildən təmizlənməsi prosesi də davam edir. Buna qədər artıq beton üzlüklü kanalların təmizlənməsi yekunlaşıb. Torpaq məcralı kanallar isə 70 kilometr məsafədə təmizlənib. Bununla da suyun axını sürətlənib, suvarma suyu su istifadəçilərinə fasiləsiz olaraq çatdırılır.
Qeyd edək ki, İsmayıllı Suvarma Sistemləri İdarəsi rayonda 9000 hektara yaxın suvarılan torpaq sahəsinə xidmət edir. Bu sahələrin suvarılması Aşıqbayramlı su anbarı, Yuxarı Şirvan kanalı, Göyçay çayı, Axoxçay, Cülyançay, Talıstançay, Əyriçay və Girdimançay vasitəsilə həyata keçirilir.