REGİONLAR
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulur VİDEO
![](/files/galleryphoto/2022/2/1200x630/16578051383757518041_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16578051383776533121_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1657805138942730057_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1657805138626139269_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1657805138351628439_1200x630.jpg)
Bakı, 14 iyul, AZƏRTAC
Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan böyük miqyaslı tikinti və bərpa işləri davam edir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə hazırda Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı olan 27 kilometr uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Əsaslı şəkildə bərpasına ehtiyac olan yolun eni 7 metrə qədər genişləndirilir.
Hazırda ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülür. Artıq yolun 11 kilometrlik hissəsində həmin işlər yekunlaşıb.
Tikinti işləri çərçivəsində suların ötürülməsini təmin edən suötürücü dəmir-beton boruların bərpası və inşası da nəzərdə tutulub. Texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq yol əsasının tikintisi, ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq.
Son mərhələdə isə yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanlarının, kilometr göstəricilərinin və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görüləcək.
Yenidənqurma işlərinin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.