REGİONLAR
Daşkəsən şəhidlərinin xatirəsinə quraşdırılan guşənin açılışı olub VİDEO
Daşkəsən, 30 avqust, Elcan Məmmədov, AZƏRTAC
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Şəhidlər xiyabanında şəhid ailələri və qazilər üçün yeni tikilən görüş yerinin və Daşkəsən şəhidlərinin xatirə guşəsinin açılış mərasimi keçirilib.
Açılışda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, deputat Elşad Mirbəşiroğlu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi hacı Tahir Abbasov, rayonun hüquq-mühafizə orqanları, idarə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ziyalılar, ağsaqqallar, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi yad olunub. Sonra Dövlət Himni səsləndirilib, şəhid məzarlarına gül dəstələri düzülüb.
Çıxış edən Əhəd Abıyev ölkəmizdə, o cümlədən Daşkəsəndə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya daşkəsənlilər adından minnətdarlığını bildirib.
Əhəd Abıyev qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli sərkərdəliyi, liderliyi, qətiyyətli və uğurlu siyasəti ilə təkcə hərb meydanlarında deyil, həm də informasiya müharibəsində düşmənə, onun havadarlarına qalib gəldi. Əsgər və zabitlərimizin, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı Vətən müharibəsində düşmən üzərində inamlı qələbə ilə nəticələndi. Ermənistan ordusu darmadağın edildi, 30 il işğal altında qalan torpaqlarımız cəmi 44 günə geri alındı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Deputat Elşad Mirbəşiroğlu çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qazandığı şanlı Qələbədən danışıb, bunun hər bir azərbaycanlıya sonsuz sevinc yaşatdığını bildirib, xalqımızın şəhidləri ilə qürur duyduğunu vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin Qazilər şurasının üzvü hacı Tahir Abbasov isə ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə daimi qayğı göstərildiyini, həmçinin Daşkəsən Şəhidlər xiyabanında istifadəyə verilən xatirə guşəsinin də bunun bir nümunəsi olduğunu söyləyib.
Şəhid ataları Etibar Cəfərov, İlham Cabbarov, şəhid anaları Kifayət Haxverdiyeva, Qızbəs Abbasova, qazilər adından Ceyhun Əliyev çıxış edərək, onlara hər zaman göstərilən həssas münasibətə, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
İcra başçısı sonda şəhid valideynləri ilə çay süfrəsi arxasında görüş keçirib, qayğıları ilə maraqlanıb.