İmişlidə şəhidlərin xatirəsinə inşa olunan bulaq kompleksi istifadəyə verilib VİDEO
İmişli, 2 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində daha bir addım atılıb. Gənc fəal Ziya Rzayevin təşəbbüsü ilə İmişli şəhərinin Xiyabani küçəsində şəhidlərin xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış tədbirində İmişli Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, şəhidlərin ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər. Bulağın açılış lenti şəhid valideynləri ilə birlikdə kəsilib. Daha sonra Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər qəhrəman övladların yetişməsində valideynlərin əvəzsiz rolundan danışaraq, şəhid və qazi analarına, habelə Vətən müharibəsi iştirakçılarının valideynlərinə təşəkkürlərini bildiriblər. Eyni zamanda, Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun bir daha qüdrətini dünyaya sübut etdiyi vurğulanıb.
Sonra şəhid valideynləri övladlarının qəhrəmanlıqlarından, vətənpərvərliklərindən söz açaraq, onlarla bağlı xatirələrini bölüşüblər.
Daha sonra məktəblilərin ifasında Vətənə və şəhidlərə həsr edilən şeirlər səsləndirilib.