CƏMİYYƏT
Binəqədi rayonunda “Azərsu”ya məxsus su sayğaclarını oğurlayan və qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıblar VİDEO
Bakı, 5 sentyabr, AZƏRTAC
Binəqədi rayonunda “Azərsu” ASC tərəfindən quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayətləri törədən əvvəllər də oğurluq və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuş Qədir Hüseynov tutulub.
Bu şəxs Binəqədi rayonunun Dərnəgül qəsəbəsində yerləşən əsasən beşmərtəbəli binalardan ümumilikdə 15 nəfərin mənzilinə quraşdırılan sayğaclarını oğurlayıb. Qədir Hüseynov daha sonra əvvəlcədən müəyyən etdiyi yerdə sayğacları sökərək əlvan metal qəbulu məntəqələrinə satıb. Oğurlanan su sayğaclarının bir hissəsi həmin şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
5-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində isə bir neçə gün əvvəl Binəqədi rayonu ərazisində qadına qarşı soyğunçuluq edən Toğrul Abbasov saxlanılıb. Araşdırma zamanı müəyyənləşdirilib ki, o, zərərçəkən xanımı metronun “Azadlıq” stansiyasının yaxınlığında əlində pul gördükdən sonra izləyib. Daha sonra qadının içərisində sənədləri, bank kartları və 200 dollar olan çantasını əlindən alaraq hadisə yerindən qaçıb. Toğrul Abbasov barəsində 5-ci polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.
Qədir Hüseynov və Toğrul Abbasovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə, 102 - Xidməti Zəng Mərkəzinə və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.