REGİONLAR
“Mən şanslı adamam, çünki bu yaşımda da öz işimi sevirəm” - 87 yaşlı pinəçi Pilağa dayı FOTO VİDEO



Salyan, 5 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonunda pinəçi Pilağa dayını hər kəs tanıyır. Uzun illərdir bu sənəti qoruyur, qorumaqla yanaşı, həm də yaşadır. 87 illik ömrünün 70 ilini bu sənətə həsr edən Pilağa Mehdiyev yaşadığı Salyan şəhərində bu peşənin sadiq keşikçilərindən biri kimi tanınır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 70 ilin sənətkarı olan Pilağa Mehdiyev Salyan şəhəri, Əliağa Kürçaylı küçəsində olan ünvanda yaşayır. Hər gün səhər tezdən evdən çıxır, bir kilometrdən çox məsafəni piyada qət edərək çalışdığı köşkə gəlir. Adəti üzrə yenə öz işi ilə məşğul olur və ona verilən ayaqqabıları təmir edir.
İllər sonra bu sənətin unudulacağından narahat olan Pilağa dayı deyir ki, hər sənətin öz gözəlliyi var. Əsas odur ki, ürəklə bağlanasan öz işinə. Onda ruzi-bərəkət də olar.
Pilağa dayı bu peşəni atasından öyrənib. Atasının xeyir-duası ilə hələ 17 yaşındaykən işə başlayıb. Əvvəllər ayaqqabı təmir etməklə yanaşı, həm də ayaqqabı tikib. Pilağa Mehdiyev pinəçiliklə dörd övlad oxutdurub, onlara ali təhsil verib, hamısını da ev-eşik sahibi edib.
“Əvvəllər bir çox insan bu sənətə maraq göstərirdi. İllər keçir, pinəçiliyə də maraq getdikcə azalır. İndi pinəçiliklə məşğul olanlara tək-tük rast gəlmək mümkündür. Amma mən həmişə işimə bağlı olmuşam, bu sənətlə nəfəs almışam. 70 il pinəçi işləmək hər adama nəsib olmur. Mən şanslı adamam, çünki bu yaşımda da öz işimi sevirəm”, - deyə Pilağa dayı bildirib.