Sabunçu rayonunda keçirilmiş əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 23 nəfər saxlanılıb VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları ötən gün daxil olmuş məlumatlar əsasında Balaxanı, Ramana, Maştağa və Zabrat qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsinə və üzərində odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirib, ümumilikdə 23 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir.
Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 2 kiloqramdan çox müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin qeyd olunan qəsəbələrdə satışını təşkil ediblər.
Daxil olmuş əməliyyat məlumatı əsasında Zabrat qəsəbəsində keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş Salman Şirinov saxlanılıb. Onun yaşadığı evinə baxış zamanı 1 ədəd qundağı və lüləsi kəsilmiş “İJ-18” markalı odlu silah, 7 ədəd patron və 2 ədəd “F-1” markalı qumbara aşkarlanıb.
Saxlanılanların cinayət əlaqələrinin müəyyənləşdirilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.