SİYASƏT
Leonid Slutski: Müasir Azərbaycanın banisi, dahi Heydər Əliyevin vəsiyyəti yerinə yetirilib VİDEO

Moskva, 16 mart, AZƏRTAC
Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentliyinə namizəd, Dövlət Dumasının beynəlxalq məsələlər Komitəsinin sədri Leonid Slutski bildirib.
L.Slutski deyib: “Çoxdandır ki, Azərbaycan mənim qəlbimdə, ruhumda yaşayır. Dostum və qardaşım İlham Heydər oğlu Əliyevi Azərbaycanın indi iqtisadiyyatda əldə etdiyi nailiyyətləri, o cümlədən Qarabağa – Şuşa və başqa yaşayış məntəqələrinə qayıdışdan sonra qazanılan uğurlar münasibətilə təbrik etmək istəyirəm. Müasir Azərbaycanın banisi, dahi Heydər Əliyevin vəsiyyəti bu gün yerinə yetirilib”.
Siyasətçi qeyd edib ki, “insanlar və onların qayıdışı üçün hələ görüləsi çox iş var. “İnanıram ki, tezliklə sülh sazişi imzalanacaq. Əmin olduğumu bildirmək istərdim ki, xüsusən də Baş nazir Mixail Mişustinin Bakıya səfərindən sonra bir çox mühüm iqtisadi layihələr həyata keçiriləcək və inkişaf etdiriləcək. Cənab Prezidentin ölkənin inkişafı ilə bağlı proqram məqsədlərini həyata keçirmək istiqamətində səylərinə göstərdiyi dəstəyə görə bütün qardaş Azərbaycan xalqına təşəkkür etmək istərdim. Azərbaycan bu gün postsovet məkanında ən çiçəklənən ölkələrdən və iqtisadiyyatlardan biridir”, - deyə Rusiya prezidentliyinə namizəd qeyd edib.
Leonid Slutski Azərbaycana uğurlar arzulayıb, ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da sürətlə və səmərəli şəkildə inkişaf edəcəyinə əminliyini bildirib.
Rusiya Federasiyası prezidentliyinə namizəd Dövlət Duması ilə Milli Məclis arasında uğurla inkişaf edən əməkdaşlığı da qeyd edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva